Qəbələ regional “ASAN xidmət” mərkəzi fəaliyyətinin 10-cu ildönümünü qeyd edir.

Postxronika.az bu barədə ASAN-a istinadən xəbər verir ki, mərkəz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 10 avqust 2016-cı ildə açılıb, avqustun 20-dən fəaliyyətə başlayıb.

Mərkəz Qəbələ, İsmayıllı, Oğuz, Qax, Zaqatala, Ağsu, Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarında qeydiyyatda olan 830 minə yaxın vətəndaşa, eləcə də ərazi məhdudiyyəti olmadan ölkənin bütün vətəndaşlarına xidmət göstərir.

Burada dövlət qurumları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 400-ə yaxın xidmət təqdim olunur.

Fəaliyyət göstərdiyi müddət ərzində Qəbələ regional “ASAN xidmət” mərkəzinə 1 milyon 505 minə yaxın vətəndaş müraciəti qeydə alınıb.

Mərkəzdə vətəndaşların istirahəti üçün “ASAN kafe”, uşaqlar üçün isə əyləncə guşəsi fəaliyyət göstərir. Bu müddət ərzində burada 900-ə yaxın könüllü məzun olub.

Hazırda ölkə üzrə 28 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 7-si Bakı şəhərində, 2-si Gəncədə, 2-si Sumqayıtda, digərləri isə Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi, Balakən, Salyan, Naxçıvan, Lənkəran və Şuşada yerləşir.

Bu günədək “ASAN xidmət” mərkəzlərinə 9 milyon 200 mindən çox vətəndaş tərəfindən 100 milyondan artıq müraciət daxil olub.

Rəy sorğularının nəticələrinə əsasən, vətəndaşların göstərilən xidmətlərdən məmnunluq əmsalı 99,8 faiz təşkil edir.