Azərbaycan Hava Yolları (AZAL) Bakı–Naxçıvan–Bakı marşrutu üzrə artan mövsümi sərnişin tələbatı ilə bağlı müraciət edib.
Postxronika.az xəbər verir ki, bu barədə AZAL-ın mətbuat xidməti məlumat yayıb.
Aviaşirkət avqust və sentyabr aylarında Naxçıvan istiqamətində sərnişin axınının artdığını nəzərə alaraq, vətəndaşlara səfərlərini əvvəlcədən planlaşdırmağı və aviabiletləri öncədən əldə etməyi tövsiyə edib.
Bildirilib ki, yay məzuniyyətlərindən qayıdanların, yeni tədris ilinin başlanması ilə əlaqədar tələbə və ailələrin, eləcə də işgüzar səfərlərin sayının artması bəzi tarixlərdə reyslərdə yerlərin daha qısa müddətdə dolmasına səbəb olur.
Hazırda Bakı–Naxçıvan–Bakı marşrutu üzrə gündəlik 16 müntəzəm reys, yəni 8 gediş-dönüş uçuşu həyata keçirilir.
AZAL sərnişin tələbatını davamlı təhlil etdiyini, əməliyyat imkanları çərçivəsində uçuş proqramını optimallaşdırdığını və zərurət yarandıqda əlavə reyslərin təyin olunması imkanlarını nəzərdən keçirdiyini bildirib.
Qeyd olunub ki, Naxçıvan istiqamətində uçuş proqramı sərnişin tələbatı ilə yanaşı, regionun dağlıq relyefi, hava şəraiti və digər əməliyyat amilləri nəzərə alınmaqla formalaşdırılır. Reyslərin planlaşdırılması və icrası uçuşların təhlükəsiz və etibarlı həyata keçirilməsini təmin edən tələblərə uyğun aparılır.
Aviabiletləri AZAL-ın rəsmi internet səhifəsi və mobil tətbiqi, həmçinin aviaşirkətin satış məntəqələri və akkreditə olunmuş agentliklər vasitəsilə əldə etmək mümkündür.