Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) ölkə ərazisində qanunsuz onlayn mərc və kazino oyunları təşkil edən şəxslərə qarşı əməliyyat keçirib.

Postxronika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Kiberpolisin keçirdiyi tədbirlər nəticəsində Zaur Nərimanov və qardaşı Fuad Nərimanov saxlanılıb. Araşdırmalar zamanı onların ölkə ərazisində fəaliyyəti qadağan olunan “Xbet” və “MostBet” platformaları vasitəsilə vətəndaşları qanunsuz mərc oyunlarına cəlb etdikləri müəyyənləşdirilib.

Bildirilib ki, həmin şəxslər “Teleqram” platformasında yaratdıqları “AzeCash” səhifəsi vasitəsilə qanunsuz onlayn mərc və kazino oyunları təşkil ediblər. Onların paytaxtın Xətai rayonu ərazisində mənzil icarəyə götürərək burada işçiləri yerləşdirdikləri, qanunsuz fəaliyyət üçün texniki vasitələr, bank kartları və mobil telefonlarla təmin etdikləri müəyyən olunub.

Əməliyyat tədbirlərinin davamı olaraq Zaur və Fuad Nərimanovlarla cinayət əlaqəsi yaratmaqda şübhəli bilinən Orxan Hüseynov, Zaur Şirinov və Emin Məmmədov da saxlanılıb.

İstintaq zamanı dəstə üzvlərinin “Xbet” və “MostBet” platformaları vasitəsilə əldə etdikləri külli miqdarda pul vəsaitini müxtəlif yollarla leqallaşdırdıqları müəyyən edilib. Ümumilikdə qanunsuz mərc və qumar oyunlarının təşkili yolu ilə 10 milyon manat həcmində maliyyə dövriyyəsinin həyata keçirildiyi aşkarlanıb.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Zaur və Fuad Nərimanov, eləcə də digər şəxslər barəsində ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə onlardan bəziləri barəsində həbs, digərləri barəsində isə digər qətimkan tədbirləri seçilib.

DİN vətəndaşları sosial şəbəkələrdə və internet platformalarında təklif olunan “Xbet”, “MostBet” və digər qanunsuz mərc oyunlarında iştirak etməməyə çağırıb. Bildirilib ki, bu cür oyunların təşkili, idarə olunması və həmin fəaliyyətlərdə iştirak qanunvericiliyə uyğun olaraq cinayət və ya inzibati məsuliyyət yaradır.