“More than medals” layihəsinin 10 illik yubileyi münasibətilə Azərbaycanda beynəlxalq təlim-məşq toplanışı təşkil olunub.
Postxronika.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Avqustun 3-dən 8-dək keçirilən tədbirdə 20 ölkədən 100-ə yaxın yeniyetmə güləşçi və nümayəndə iştirak edib.
Layihənin əsas məqsədi güləşçilərin idman bacarıqları ilə yanaşı, sosial və şəxsi inkişafına dəstək olmaq, müxtəlif ölkələrdən olan həmyaşıdları ilə ünsiyyət qurmasına, dostluq əlaqələri yaratmasına və birgə asudə vaxt keçirməsinə şərait yaratmaqdır.
Beynəlxalq Olimpiya Komitəsi, Dünya Güləş Birliyi və Azərbaycan Güləş Federasiyasının birgə təşkil etdiyi toplanışın əsas hissəsi Milli Gimnastika Arenasında və Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında keçirilib. İştirakçılar birgə hazırlıq prosesində müxtəlif məşqlərdə iştirak edərək bacarıqlarını təkmilləşdiriblər.
Proqram çərçivəsində Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) mütəxəssisləri tərəfindən maarifləndirici antidopinq seminarı da təşkil olunub. Seminarda gənc idmançılara təmiz idmanın prinsipləri, antidopinq qaydaları və idmançıların məsuliyyəti barədə məlumat verilib.
Düşərgə iştirakçıları dəniz kənarında çimərlik güləşi üzrə məşqdə iştirak edib, həmçinin Bakının görməli yerlərini ziyarət edərək müxtəlif sosial fəaliyyətlərə qoşulublar.
“More than medals” layihəsi gənc güləşçilərin idmandan kənar bacarıqlarının inkişafına, müxtəlif mədəniyyətlərdən olan idmançılar arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə xidmət edir.