Rusiya Prezidenti Vladimir Putin ölkə ərazilərinin boşalmasının yolverilməz olduğunu bildirib.
Postxronika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Putin Ulan-Udedə şəhərsalma və məkan inkişafı sahəsinin nümayəndələri ilə görüşdə Rusiyanın geniş ərazisi nəzərə alınmaqla bölgələrdə əhalinin azalmasının qarşısının alınmasının vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, müasir texnologiyalar, internet və süni intellekt imkanlarından istifadə etməklə ərazilərin inkişafı üçün optimal və balanslaşdırılmış yanaşma formalaşdırılmalıdır.
Rusiya hökumətinin gənclərin doğma şəhər və kəndlərində yaşamaq və işləmək istəyini dəstəkləməli olduğunu deyən Putin 2 160 əsas şəhərin müəyyənləşdirildiyini bildirib. Qeyd olunub ki, bu yaşayış məntəqələrində ölkə əhalisinin 75 faizi yaşayır.
Rusiya lideri şəhərlərin modernləşdirilməsi zamanı onların tarixi simasının və özünəməxsusluğunun qorunmasının vacibliyini də qeyd edib. O bildirib ki, yeni obyektlər mövcud şəhər mühitinə uyğun inteqrasiya edilməli, mədəni irs nümunələri qorunaraq yenidən həyata qaytarılmalıdır.
Putin Uzaq Şərq və Zabaykalye ərazilərinin inkişafına xüsusi diqqət yetirildiyini vurğulayıb. Onun sözlərinə görə, bu bölgələrdə iqtisadiyyat, sənaye və infrastrukturun inkişafı ilə yanaşı, insanların daimi yaşayışı üçün əlverişli şərait yaradılmalıdır.
Rusiya Prezidenti ucqar yaşayış məntəqələrində layiqli yaşayış mühiti formalaşdırılmadığı təqdirdə insanların burada yalnız növbəli iş rejimi ilə çalışacağını bildirib.