Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Endryu Stou ilə görüşüb.
Postxronika.az xəbər verir ki, görüş avqustun 10-da Elnur Məmmədovun ABŞ-a səfəri çərçivəsində baş tutub.
Tərəflər Azərbaycan-ABŞ münasibətlərinin mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə edib, ikitərəfli tərəfdaşlığın müxtəlif istiqamətlər üzrə genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Görüşdə Azərbaycan və ABŞ hökumətləri arasında Strateji Tərəfdaşlıq Xartiyasının həyata keçirilməsi və Bakı İqtisadi Dialoqunun nəticələri də diqqət mərkəzində olub.
Bundan əlavə, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər sülh, təhlükəsizlik və rifahın təşviqinə xidmət edən istiqamətlərdə əməkdaşlığı və məsləhətləşmələri davam etdirməyə hazır olduqlarını bildiriblər.