Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində genişmiqyaslı monitorinq keçirib.

Postxronika.az xəbər verir ki, yoxlamalar zamanı fəaliyyət göstərən 84 məntəqədən 27-nin sanitar-gigiyenik və sanitar-texniki vəziyyəti qənaətbəxş, 47-nin qismən qənaətbəxş, 10-nun isə tam qeyri-qənaətbəxş olduğu müəyyənləşdirilib.

Normativ tələbləri pozan məntəqələrin sahibkarlarına nöqsanların aradan qaldırılması üçün məcburi göstərişlər verilib. AQTA bildirib ki, müəyyən olunmuş müddətdə tələblərə uyğunlaşdırılmayan və qanunvericiliyin tələblərini pozmağa davam edən məntəqələrin fəaliyyəti dayandırılacaq.

Monitorinqin nəticələrinə əsasən, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Agentlik həmin ərazilərdə müasir və sanitar tələblərə cavab verən kəsim məntəqələrinin yaradılmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, hazırda ölkə üzrə 98 heyvan kəsimi məntəqəsindən 84-ü fəaliyyət göstərir. AQTA qanunsuz heyvan kəsimi və sanitar qaydaların pozulması halları ilə qarşılaşan vətəndaşları “1003 – Çağrı Mərkəzi”nə məlumat verməyə çağırıb.