Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində inşa olunan “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış olublar.


Postxronika.az xəbər verir ki, hər iki stansiyanın ümumi gücü 50 MVt təşkil edir.


Bildirilib ki, 25 MVt gücündə “Şəms 1” stansiyasının tikintisi 52 hektar ərazidə həyata keçirilir. Layihə çərçivəsində 10 MVt gücündə Günəş panellərinin quraşdırılması artıq başa çatdırılıb. Tikinti-quraşdırma işlərinin noyabr ayında yekunlaşdırılması planlaşdırılır.


Stansiyanın istismara verilməsindən sonra ildə təxminən 57 milyon kilovat-saat elektrik enerjisi istehsal ediləcək. Bu, 19 minə yaxın ev təsərrüfatının enerji ilə təmin olunmasına imkan verəcək. Həmçinin hər il 26 min tona yaxın karbon qazı emissiyasının qarşısının alınacağı və 12 milyon kubmetr təbii qaza qənaət ediləcəyi gözlənilir.


25 MVt gücündə “Qərbi Üfüq” Günəş Elektrik Stansiyasının layihəsi isə 50 hektar ərazidə həyata keçirilir. Stansiyanın tikintisi ilə bağlı topoqrafik işlər tamamlanıb, geoloji tədqiqatlar davam edir. Tikinti işlərinə ilin sonunadək başlanılması nəzərdə tutulur.


“Qərbi Üfüq”ün illik təxminən 61 milyon kilovat-saat elektrik enerjisi istehsal edəcəyi və 21 minə yaxın ev təsərrüfatını enerji ilə təmin edəcəyi proqnozlaşdırılır.


Qeyd edək ki, Naxçıvanda ümumilikdə 688 hektar ərazi Günəş elektrik stansiyalarının tikintisi üçün bərpaolunan enerji mənbələri ərazisi kimi müəyyənləşdirilib. “Şəms 1” və “Qərbi Üfüq” stansiyalarının istifadəyə verilməsi ilə Naxçıvanda bərpaolunan enerji üzrə qoyuluş gücünün 158 MVt-a çatdırılması gözlənilir.