Postxronika.az-a verilən məlumata görə, Mingəçevir şəhəri 11 saylı  poçt şöbəsinin müdiri Etibar İsmayılov şantaj olunduğunu iddia edib.

​Onun sözlərinə görə, 10 ildir ki, sözügedən vəzifədə çalışır. Təkbaşına fəaliyyət göstərərək şöbə müdiri, əməliyyatçı və poçtalyon vəzifələrini icra etdiyini deyib. Eyni zamanda, minimal əməkhaqqıdan az maaş aldığını bildirib.

Etibar İsmayılov çalışdığı illər ərzində heç bir xəbərdarlıq və ya töhmət almadığını, əksinə, bir neçə dəfə pul mükafatı qazandığını vurğulayıb.

​Əsas iddia isə Yevlax Regional Poçt Filialının müdiri Ramin Oruclunun ona göstərdiyi təzyiqlərlə bağlıdır.

Etibar İsmayılovun sözlərinə görə, Ramin Oruclu yuxarıda qeyd edilən mükafat məsələsinin səhv hesablandığını bəhanə edərək həmin vəsaitlərin ona nağd şəkildə geri qaytarılmasını tələb edib.

​İddiaçı bildirib ki, Ramin Oruclu şöbənin bağlanacağını bəhanə edərək onu aşağı vəzifəyə keçirilməsinə cəhd edib. Eyni zamanda oğurluq və narkotik istifadəçiliyi kimi böhtan xarakterli ittihamlar da səsləndirilib.

Qeyd edək ki, əgər narkotik ittihamı doğrudursa, Etibar İsmayılov niyə vəzifəsindən azad olunmur və başqa sahəyə keçirilmək istənilir?

İddiaçı aidiyyəti dövlət qurumlarına müraciət edərək məsələnin araşdırılmasını, lazım olarsa, qan analizi verərək tibbi müayinədən keçməyə razı olduğunu vurğulayıb.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

A.