15-16 avqust tarixlərində “Sea Breeze” istirahət mərkəzində 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının (FIBA 3x3 World Women’s Series) növbəti mərhələsinin oyunları keçiriləcək.
Postxronika.az Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, turnirdə ümumilikdə 16 milli və klub komandası iştirak edəcək. Yarışda Azərbaycan, “Neftçi SOCAR”, Niderland, Almaniya, Avstriya, “Madrid” (İspaniya), Latviya, “Yanjinq” (Çin), Çexiya, “Varşava” (Polşa), Ukrayna, Polşa, Paraqvay, Misir, Benin və “Arrasate Ointxe” (İspaniya) komandaları mübarizə aparacaq.
İlk oyun gününün görüşləri avqustun 15-də keçiriləcək və yarış təsnifat mərhələsi ilə başlayacaq. Əsas mərhələnin C qrupuna vəsiqə qazanmaq üçün mübarizə aparacaq Azərbaycan millisi təsnifat oyunlarında iştirak edəcək.
Milli komandamız saat 10:00-da turnirin açılış matçında Ukrayna yığması ilə qarşılaşacaq. Ardınca saat 10:50-də Misir yığmasına qarşı oynayacaq.
Günün ikinci yarısında əsas qrup oyunlarına start veriləcək. B qrupunda yer alan “Neftçi SOCAR” ilk matçını saat 15:50-də İspaniyanın “Arrasate Ointxe” klubuna qarşı keçirəcək. Təmsilçimizin qrupdakı digər görüşü saat 17:40-da Çinin “Yanjinq” komandasına qarşı olacaq.
Qruplarda ilk iki pilləni tutan komandalar 1/4 finala vəsiqə qazanacaqlar. Avqustun 16-da 1/4 final, yarımfinal və final görüşləri keçiriləcək.
Azarkeşlər iki gün davam edəcək “Sea Breeze” mərhələsinin oyunlarını İdman TV və FIBA 3x3-ün rəsmi YouTube kanalı vasitəsilə canlı izləyə biləcəklər.