Son günlər “WhatsApp” və sosial şəbəkələrdə vətəndaşların adına oxşar hesablar yaradılaraq onların yaxınlarından müxtəlif bəhanələrlə pul tələb edilməsi halları müşahidə olunur.
Postxronika.az DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, kiberdələduzlar tanınmış şəxslərin ad, fotoşəkil və digər məlumatlarından istifadə etməklə saxta hesablar yaradaraq yaxınlarından təcili pul göndərmələrini xahiş edirlər.
DİN vətəndaşları bu cür mesajlara qarşı diqqətli olmağa və xüsusilə pul vəsaiti tələb edən şübhəli müraciətlərə dərhal inanmamağa çağırıb.
Belə mesaj daxil olduqda həmin şəxslə digər vasitə ilə əlaqə saxlayaraq məlumatın doğruluğunu dəqiqləşdirmək tövsiyə olunur.
Həmçinin şübhəli hesab və mesajlarla qarşılaşdıqda pul göndərməmək, şəxsi və bank məlumatlarını paylaşmamaq, şübhəli keçidlərə daxil olmamaq tövsiyə edilir.
Kiberdələduzluqla qarşılaşan vətəndaşlar DİN-in “102” Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin rəsmi sosial şəbəkə hesablarına müraciət edə bilərlər.