Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov avqustun 14-də Lənkəran şəhərində vətəndaşlarla görüş keçirib.

Postxronika.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, qəbul zamanı Lənkəran şəhəri, Astara, Lerik və digər rayonlardan olan vətəndaşların müraciətləri dinlənilib, ərizə və şikayətlərinə baxılıb.

Qəbuldan əvvəl Zaur Mikayılov və Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Cəfərzadə şəhərin mərkəzində yerləşən Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Müraciətlər əsasən suvarma suyuna tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınması və lildən təmizlənməsi, sel və daşqınlara qarşı mübarizə, subartezian quyularının təmiri, içməli su təchizatı, kanalizasiya sistemlərinin yenidən qurulması və işə qəbul məsələləri ilə bağlı olub.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həll edilib, digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.