Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” Sərhəd Dəstəsinin xidməti ərazisində əsaslı təmir olunan “Yalama” sərhəd komendantlığı şəxsi heyətin istifadəsinə verilib.

Postxronika.az Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxışlarda bildirilib ki, ölkənin müxtəlif bölgələrində müasir sərhəd infrastrukturunun qurulması və sərhəd bölmələrinin qabaqcıl maddi-texniki vasitələrlə təchiz olunması sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir.

Qeyd olunub ki, yenilənmiş sərhəd komendantlığının istifadəyə verilməsi idarəetmənin çevikliyinin artırılmasına, sərhəd naryadlarının fəaliyyətinin daha səmərəli təşkilinə, qüvvə və vasitələrin operativ idarə olunmasına, həmçinin mümkün təhdidlərə çevik reaksiya verilməsinə əlavə imkanlar yaradacaq.

Tədbirin sonunda şəxsi heyətə xidməti vəzifələrin nümunəvi icrası istiqamətində uğurlar arzulanıb və xatirə fotoşəkilləri çəkilib.

Daha sonra Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Cavid Abdullayev sərhəd komendantlığının inzibati binasında yaradılmış şəraitlə tanış olub.