Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampı İranla gərginliyin azaldılması məqsədilə danışıqları davam etdirməyə çağırıb.

Postxronika.az “Reuters”a istinadən xəbər verir ki, Ərdoğan avqustun 18-də Tramp ilə telefon danışığı zamanı İran və ABŞ arasındakı gərginliklə bağlı diplomatiyadan maksimum istifadə edilməsinin vacibliyini vurğulayıb.

Türkiyə Prezidenti danışıqların davam etdirilməsinə ümid etdiyini və Ankaranın sülh səylərini dəstəkləməyə davam edəcəyini bildirib.

Telefon danışığı zamanı iki ölkə arasındakı münasibətlər, Qəzza müharibəsi, həmçinin Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanmış müdafiə sazişi də müzakirə olunub.

Türkiyə ABŞ və İranla, eləcə də Pakistan və Qətər kimi vasitəçi ölkələrlə təmaslarını davam etdirir. Ankara həmçinin Hörmüz boğazının yenidən açılmasına və atəşkəsin davam etdirilməsinə çağırıb.

ABŞ administrasının Ərdoğan-Tramp telefon danışığı ilə bağlı açıqlama vermədiyi bildirilir.