ABŞ Suriyanı “terroru dəstəkləyən ölkələr” siyahısından çıxarıb. Qərar Vaşinqtonun Dəməşqlə münasibətlərində mühüm dönüş kimi qiymətləndirilir.

Postxronika.az xəbər verir ki, qərar ABŞ Maliyyə Nazirliyi tərəfindən avqustun 24-də açıqlanıb. ABŞ Prezidenti Donald Tramp iyulun 8-də Suriyanın siyahıdan çıxarılması ilə bağlı Konqresə bildiriş göndərmişdi və 45 günlük rəsmi araşdırma müddətinin başa çatmasından sonra qərar qüvvəyə minib. 

Bununla yanaşı, ABŞ Dövlət Departamenti iki il əvvəl Suriyada Bəşər Əsəd hakimiyyətinin devrilməsində iştirak edən “Heyət Təhrir əş-Şam”ı (HTŞ) da “qlobal terrorçu təşkilatlar” siyahısından çıxarıb.

ABŞ Maliyyə naziri Skott Bessent qərarın Suriyada siyasi və iqtisadi sabitliyin gücləndirilməsinə və əlavə investisiyaların cəlb olunmasına şərait yaradacağını bildirib.

Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şara Trampa təşəkkür edərək qərarın ölkənin ağır keçmişinin bir səhifəsini geridə qoymasına və inkişaf, bərpa və quruculuq mərhələsinə keçməsinə imkan verəcəyini deyib.

ABŞ Dövlət katibi Marko Rubio isə qərarın Suriyada rifaha gedən yolun açılmasına kömək edəcəyini vurğulayıb. Onun sözlərinə görə, bu addım ölkədə özəl sektor investisiyaları qarşısındakı əsas maneələrdən birini aradan qaldıraraq Suriyanın iqtisadi bərpası və beynəlxalq sistemə inteqrasiyasını sürətləndirə bilər.

“Terrroru dəstəkləyən ölkələr” siyahısında yer almaq Suriyanın beynəlxalq maliyyə sisteminə və ABŞ-nin maliyyə sektoruna çıxışını məhdudlaşdırır, həmçinin ölkəyə xarici investisiyaların cəlb edilməsini çətinləşdirirdi.