CIA direktoru Con Retkliffin Moskvaya səfəri Vaşinqtonla Moskva arasında yüksək səviyyəli təmasların davam etdiyini göstərir.
Postxronika.az Reuters informasiya agentliyinə istinadən xəbər verir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff Rusiyanın paytaxtı Moskvaya səfər edib.
Reuters-in məlumatına görə, Retkliff avqustun 25-də Rusiyada bir sıra görüşlər keçirib. Səfərin detalları və ABŞ rəsmisinin kimlərlə görüşdüyü barədə geniş məlumat açıqlanmayıb.
Kremlin sözçüsü Dmitri Peskov Retkliffin Moskvaya səfərini nə təsdiq, nə də təkzib edib. Peskov bildirib ki, ABŞ kəşfiyyat rəhbərinin Rusiya Prezidenti Vladimir Putinlə görüşü nəzərdə tutulmayıb.
Səfər ABŞ və Rusiya arasında Ukrayna müharibəsi, Yaxın Şərqdəki vəziyyət və digər beynəlxalq məsələlər ətrafında diplomatik təmasların davam etdiyi bir vaxtda baş verib. Retkliffin Moskvaya səfəri ABŞ kəşfiyyat rəhbərinin 2021-ci ildən bəri Rusiyaya məlum olan ilk səfəri kimi diqqət çəkir.
Atabəy Abbaszadə