Asiyanın iki böyük iqtisadi və siyasi gücü 2020-ci il sərhəd toqquşmasından sonra münasibətlərin normallaşdırılması istiqamətində yeni addımlar atır.
Postxronika.az Reuters informasiya agentliyinə istinadən xəbər verir ki, Hindistanın milli təhlükəsizlik müşaviri Acit Doval və Çinin xarici işlər naziri Vanq Yi Pekində görüşərək iki ölkə arasındakı sərhəd məsələsini müzakirə ediblər.
Reuters-in məlumatına görə, görüşdə Himalay dağlarında yerləşən mübahisəli sərhəd bölgəsində sülh və sabitliyin qorunması, eləcə də iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması məsələləri müzakirə olunub.
Tərəflər sərhəd məsələsinin həlli istiqamətində danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıblar. Növbəti danışıqların 2027-ci ildə Hindistanda keçirilməsi planlaşdırılır.
Hindistan və Çin arasında münasibətlər 2020-ci ildə sərhəddə baş verən və hər iki tərəfdən hərbçilərin ölümü ilə nəticələnən toqquşmadan sonra ciddi şəkildə pisləşmişdi. Son illərdə isə tərəflər hərbi gərginliyin azaldılması və diplomatik münasibətlərin bərpası istiqamətində fəaliyyət göstərirlər.
Atabəy Abbaszadə