Rusiyanın gecə saatlarında həyata keçirdiyi genişmiqyaslı hücum Ukraynanın enerji, sənaye, liman və logistika infrastrukturlarını hədəfə alıb.
Postxronika.az Reuters informasiya agentliyinə istinadən xəbər verir ki, Rusiya Ukraynanın Kiyev, Xarkov, Poltava, Odessa, Krivoy Roq və Zaporojye şəhər və bölgələrinə raket və dronlarla kütləvi zərbələr endirib.
Reuters-in məlumatına görə, Ukrayna hərbçiləri hücum zamanı 258 dron və çoxsaylı ballistik raketlərin istifadə edildiyini bildiriblər. Ukrayna tərəfi 7 ballistik raketi məhv etdiyini açıqlayıb.
Xarkovda ticarət mərkəzinə endirilən zərbə nəticəsində ən azı bir nəfər ölüb, iki nəfər yaralanıb. Kiyev ətrafında isə iri pərakəndə satış şirkətlərinə məxsus paylama mərkəzləri və digər logistika obyektləri zədələnib.
Hücumlar enerji obyektlərinə, sənaye müəssisələrinə, taxıl anbarlarına və liman infrastrukturuna da ziyan vurub. Bir sıra bölgələrdə dəmir yolu xidmətlərində gecikmələr yaranıb.
Reuters həmçinin bildirir ki, altı Rusiya dronu Moldovanın hava məkanına daxil olub. Moldova Prezidenti Maya Sandu hadisəni pisləyib.
Atabəy Abbaszadə