Londonun Ukraynaya uzaqmənzilli raketlərin istehsalı üçün texnologiya verməsi Moskva ilə Qərb arasında gərginliyi yeni mərhələyə daşıyıb.
Postxronika.az Reuters informasiya agentliyinə istinadən xəbər verir ki, Rusiya Ukraynanın Britaniya istehsalı “Storm Shadow” raketlərindən istifadə etməsinə cavab olaraq Britaniyanın Ukraynada və onun hüdudlarından kənarda yerləşən hərbi obyektlərini hədəfə ala biləcəyini açıqlayıb.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, London Ukraynaya hərbi dəstəyini davam etdirməklə münaqişənin daha təhlükəli mərhələyə keçməsi riskini artırır.
Moskva xüsusilə Britaniyanın Ukraynaya məxfi texnologiyalardan istifadə etməklə öz “Storm Shadow” raketlərini istehsal etməsinə imkan verəcək qərarından narazıdır.
Zaxarova Fransa və Britaniyanın Ukraynaya raket texnologiyası verməsini də tənqid edib və bu ölkələrin “odla oynadığını” bildirib.
Reuters qeyd edir ki, Rusiya daha əvvəl də Britaniya hərbi obyektlərinə zərbə endirmək barədə xəbərdarlıq edib. Lakin budəfəki açıqlama Ukraynadakı müharibənin genişlənməsi ilə bağlı narahatlıqların artdığı bir vaxtda səsləndirilib.
Atabəy Abbaszadə