ABŞ Prezidenti Rusiya liderinin NATO ərazisinə hücum edəcəyinə dair narahatlıqları rədd edib və CIA direktorunun Moskva səfərinin adi xarakter daşıdığını açıqlayıb.

Postxronika.az Reuters informasiya agentliyinə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin NATO üzvü olan hər hansı ölkəyə hücum etməyəcəyini bildirib.

Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən “NATO ərazisinə hücum etməyəcək” deyə açıqlama verib.

ABŞ lideri həmçinin Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliffin Moskvaya səfəri ilə bağlı yayılan məlumatları şərh edib. Tramp bildirib ki, Retkliff Rusiya kəşfiyyatındakı həmkarı ilə mütəmadi olaraq görüşür və səfər zamanı Moskvaya xüsusi mesaj çatdırmayıb.

Reuters-in məlumatına görə, ABŞ və Avropa kəşfiyyat orqanları son illərdə Rusiyanın NATO ölkələrində sabotaj və digər “boz zona” fəaliyyətlərini diqqətlə izləyirlər.

Trampın açıqlaması Ukraynada müharibənin intensivləşdiyi və Rusiya ilə Qərb arasında qarşılıqlı təhdidlərin artdığı bir vaxta təsadüf edib.

Atabəy Abbaszadə