Fransada 2027-ci il prezident seçkiləri ərəfəsində artan dövlət borcu və siyasi qeyri-sabitlik ölkənin maliyyə vəziyyəti ilə bağlı narahatlıqları gücləndirib.

Postxronika.az Reuters informasiya agentliyinə istinadən xəbər verir ki, Fransada hökumətin büdcə kəsirini azaltmaq səyləri siyasi qarşıdurma və artan dövlət borcu fonunda ciddi problemlərlə üzləşir.

Reuters-in məlumatına görə, Baş nazir Sebastyan Lekornunun hökuməti 2027-ci ilin büdcəsinin seçki kampaniyası tam sürətlənməmişdən əvvəl qəbul edilməsinə çalışır.

Fransa Avrozonada ən yüksək büdcə kəsirlərindən birinə malik ölkələrdəndir. Hökumət maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün qənaət tədbirləri, o cümlədən pensiya xərclərinin müəyyən hissəsinin dondurulması imkanını nəzərdən keçirir.

Fransanın dövlət istiqrazları üzrə risk göstəricilərinin yüksəlməsi investorların ölkənin borc yükünü idarə etmək qabiliyyətinə dair narahatlığını artırıb. Ölkənin 10 illik istiqrazları ilə Almaniya istiqrazları arasındakı gəlirlilik fərqi 2024-cü ildən bəri ən yüksək səviyyəyə çatıb.

Reuters qeyd edir ki, 2027-ci ilin prezident seçkiləri yaxınlaşdıqca iqtisadi siyasət və dövlət borcu Fransanın əsas siyasi gündəmlərindən birinə çevrilir.

Atabəy Abbaszadə