Heydər Əliyev Beynəlxalq Hava Limanında sərnişinlərin sərhəd nəzarətindən daha sürətli və rahat keçidini təmin edən “Elektron qapı sərhəd nəzarəti sistemi” istifadəyə verilib.

Postxronika.az Dövlət Sərhəd Xidmətinin məlumatına istinadən xəbər verir ki, avtomatlaşdırılmış pasport nəzarəti və biometrik identifikasiya sistemi ilkin mərhələdə hava limanının ölkəyə gəlmə zalında fəaliyyət göstərir. Yeni texnologiya 18 yaşı tamam olmuş Azərbaycan vətəndaşlarına şəxsiyyət sənədinin avtomatik oxunması, zəruri informasiya yoxlamalarının aparılması və biometrik eyniləşdirmə vasitəsilə sərhəd nəzarətindən təxminən 20 saniyə ərzində keçməyə imkan yaradır. Sistemin tətbiqi gözləmə müddətinin azaldılmasına, nəzarət prosedurlarının çevikliyinin və səmərəliliyinin artırılmasına, həmçinin insan amilinin minimuma endirilməsinə xidmət edir. Növbəti mərhələdə bu texnologiyanın digər dövlət sərhədindən buraxılış məntəqələrində də tətbiqi, imkanlarının isə genişləndirilməsi və təkmilləşdirilməsi nəzərdə tutulur. Dövlət Sərhəd Xidməti innovativ həllərin tətbiqi ilə sərhəd nəzarətinin müasir standartlara uyğunlaşdırılması və sərnişin məmnuniyyətinin yüksəldilməsi istiqamətində fəaliyyətini davam etdirir.