Səhiyyə Nazirliyi “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində Laçın Rayon Mərkəzi Xəstəxanasında səyyar stomatoloji aksiya təşkil edib.
Postxronika.az Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, aksiya zamanı rayon sakinləri və bölgədə çalışan mütəxəssislər ödənişsiz stomatoloji müayinədən keçirilib, onlara konsultativ və müalicə xidmətləri göstərilib. Səyyar şəraitdə xidmətlərin təşkili üçün BPR Swiss SMART-PORT portativ stomatoloji qurğusundan istifadə olunub. Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikasının həkim briqadası tərəfindən ümumilikdə 90-a yaxın vətəndaş müayinə edilib, ehtiyacı olan şəxslərə müvafiq müalicə prosedurları tətbiq olunub. Aksiyanın əsas məqsədi stomatoloji xəstəliklərin erkən aşkarlanması, profilaktik tədbirlərin həyata keçirilməsi və işğaldan azad edilmiş ərazilərdə keyfiyyətli tibbi xidmətlərə əlçatanlığın artırılması olub.