Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Su İdman Növləri Federasiyasının (ASİNF) birgə təşkilatçılığı əsasında 31 avqust – 2 sentyabr tarixlərində Azərbaycan çempionatı keçiriləcək. Akademik avarçəkmə, kayak və kanoe üzrə baş tutacaq yarış Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq. Ölkə çempionatında Bakı və Mingəçevirdən olan 100-dən artıq idmançı mübarizə aparacaq.

Postxronika.az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, yarışda avarçəkənlər akademik avarçəkmə və kayak növündə  1 və 2 nəfərlik, kanoe növündə isə 1 nəfərlik qayıqlarda mübarizə aparacaqlar. Həmçinin Azərbaycan çempionatında ilk dəfə olaraq kayak növündə qarışıq cütlüklərin yarışı baş tutacaq.   

Qeyd edək ki, ölkə çempionatı sentyabr-oktyabr aylarında baş tutacaq ənənəvi “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə hazırlıq və seçim xarakteri daşıyır.