Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Kiyevdə baş verən atışma ilə bağlı yeni təfərrüatları açıqlayıb. Qurumdan bildirilib ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) Müstəqillik Günündə rusiyalı müxalifətçiyə qarşı planlaşdırdığı sifarişli qətlin qarşısı alınıb.

"Postxronika.az" xəbər verir ki, SBU-nun məlumatına görə, Beynəlxalq Legionun tərkibindəki Rusiya Könüllülər Korpusunun komandir müavini FSB ilə əlaqədə olub. O, Ukraynaya gəlməli olan rusiyalı müxalifət liderlərindən birinin qətlə yetirilməsi tapşırığını alıb.

Məlumata əsasən, həmin hərbçi Ukrayna Müdafiə Qüvvələrinin digər hərbi qulluqçularının ləğv edilməsi müqabilində də pul alıb. Əməliyyat zamanı şübhəlinin telefonunda FSB nümayəndəsi ilə yazışmalar aşkarlanıb. Saxlanılan şəxs düşmən xüsusi xidmət orqanları ilə əlaqəsini etiraf edərək şəbəkənin digər üzvlərinin müəyyənləşdirilməsinə kömək edən məlumatlar təqdim edib.

Lakin istintaq hərəkətləri aparılarkən SBU əməkdaşları ilə Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) nümayəndələri arasında münaqişə yaranıb və bu, atışma ilə nəticələnib. SBU baş verən bu insidenti "tamamilə yolverilməz" adlandırıb.