Kiyevdə ABŞ və Ukrayna nümayəndələri arasında bir neçə saat davam edən danışıqlar keçirilib.
Postxronika.az BBC-yə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın nümayəndələri Stiv Vitkoff və Cared Kuşner Rusiyanın genişmiqyaslı işğalından sonra ilk dəfə Ukraynaya səfər ediblər. Onlar Rusiyanın dron hücumları səbəbindən Kiyevə təyyarə ilə deyil, qatarla gəliblər.
Ukrayna Prezidenti Volodimir Zelenski Vitkoff və Kuşneri Kiyevdəki Müqəddəs Sofiya Katedralında qarşılayıb.
Danışıqlara daha sonra bəzi Avropa ölkələrinin milli təhlükəsizlik üzrə müşavirləri, o cümlədən Böyük Britaniyanın milli təhlükəsizlik müşaviri Conatan Pauell də qoşulub.
Tərəflər müzakirələri məzmunlu və müsbət qiymətləndirərək ABŞ və Avropanın iştirakı ilə əvvəlki “üçtərəfli danışıqlar” formatının bərpasına ümid etdiklərini bildiriblər. Bununla belə, əsas fikir ayrılıqları qalmaqdadır.
ABŞ nümayəndələri Kiyevə Moskvadan gəliblər. Onlar orada Rusiya Prezidenti Vladimir Putinlə görüşüblər və Putin Rusiyanın döyüş meydanında “real irəliləyişlər” əldə etdiyini bildirib.