İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi elan edib ki, Hörmüz boğazının giriş və çıxışında İranın nəzarəti altında olacaq yeni bir dəhlizlə bağlı Omanla saziş yaxın günlərdə imzalanacaq.
Postxronika.az xəbər verir ki, Rezayi iştirak etdiyi televiziya proqramında cari hadisələrlə bağlı açıqlamalar verib.
Hörmüz boğazı ilə bağlı yeni bir qərar qəbul edəcəklərini və giriş-çıxışına İranın nəzarət edəcəyi yeni dəhliz barədə Omanla sazişin tezliklə imzalanacağını bildirən Rezayi deyib: "Biz tezliklə Hörmüz boğazı ətrafında məhdudiyyətli zona elan edəcəyik".
Rezayi qeyd edib ki, sözügedən zona ABŞ-ın dəniz blokadası tətbiq etdiyi ərazini, eləcə də Hörmüz boğazı və Fars körfəzini əhatə edəcək və xəbərdarlıq edib ki, yeni elan olunmuş zonaya "icazəsiz" daxil olan istənilən gəmi İran tərəfindən "qara siyahı"ya salınacaq.
Ölkəsinin Hörmüz boğazında tətbiq olunan tədbirləri sərtləşdirəcəyini bildirən Rezayi qeyd edib ki, İranın həyata keçirməyi planlaşdırdığı sərt tədbirlər raket zərbələrindən daha böyük təsirə malik olacaq. O əlavə edib: "Amerikalılar hücum və ya təxribat törətmədikləri təqdirdə, biz Hörmüz boğazını açıq saxlamağa sadiq qalacağıq".
İranın ABŞ hərbi gəmilərinə hücumları barədə də danışan Rezayi deyib: "Qırx səkkiz saat əvvəl ilk dəfə olaraq gəmi əleyhinə raketimizi ABŞ hərbi gəmisi üzərində sınaqdan keçirdik".
Rezayi iddia edib ki, İran və ABŞ arasında vasitəçi qismində çıxış edən ölkələr iki dövlət arasında imzalanmış anlaşma memorandumunun icrası ilə bağlı səmərəsiz olublar. Ölkəsinin hazırda neft satdığını bildirən Rezayi əlavə edib ki, neft satışından əldə olunan gəlirlər də artıq əldə edilib.