“Amazon Air” şirkətinə məxsus yük təyyarəsi Mayami Beynəlxalq Hava Limanına eniş zamanı uçuş-enmə zolağından çıxıb. Qəza nəticəsində 5 nəfər həlak olub, daha 5 nəfər ağır xəsarət alıb.
Postxronika.az BBC-yə istinadən xəbər verir ki, “Boeing 767-300” tipli təyyarə Puerto-Rikonun San-Xuan şəhərindəki Luis Munyos Marin Beynəlxalq Hava Limanından havaya qalxdıqdan sonra yerli vaxtla saat 14:00-a az qalmış qəzaya uğrayıb. Təyyarə yerdəki bir neçə nəqliyyat vasitəsinə də çırpılıb.
“Amazon” hadisənin səbəbini müəyyənləşdirmək üçün yerli hakimiyyət orqanları və rəsmilərlə əməkdaşlıq etdiyini bildirib.
Qəza səbəbindən Federal Aviasiya Administrasiyası bütün uçuşların dayandırılması barədə göstəriş verib. Həlak olanların təyyarədə, yerdə və ya hər iki məkanda olduğu hələlik məlum deyil.
Mayami-Deyd dairəsinin meri Daniella Levin Kava bildirib ki, xəsarət alan 5 nəfərin hamısı xəstəxanaya çatdırılıb. Mayami Yanğınsöndürmə Xidmətinin rəisi Raid Cadallah isə onlardan 3-nün vəziyyətinin kritik olduğunu açıqlayıb.
Rəsmilər qəzanın səbəbini müəyyənləşdirməyin hələ tez olduğunu və hadisənin Milli Nəqliyyat Təhlükəsizliyi Şurası tərəfindən araşdırılacağını bildiriblər.