Kiyevdə gündəlik hava həyəcanı siqnallarının sayı Rusiyanın 2022-ci ildə başlatdığı genişmiqyaslı işğaldan bəri ən yüksək səviyyəyə çatıb.
Postxronika.az BBC-yə istinadən xəbər verir ki, “BBC Verify” hökumət məlumatları əsasında apardığı təhlildə avqustun sonunda Rusiyanın fasiləsiz hücumları başlayandan sonra Kiyevdə hava həyəcanı siqnallarının orta hesabla gündə 10 dəfə səsləndiyini müəyyən edib.
Əvvəllər hava hücumlarının əksəriyyəti gecə saatlarında baş versə də, Rusiyanın Ukrayna paytaxtına gündüz zərbələri endirməsi məktəblərin və bizneslərin fəaliyyətinə ciddi təsir göstərir. Hücumlar insanları gün ərzində 13 dəfəyə qədər sığınacaqlara getməyə məcbur edir. Həyəcan siqnalları isə bir neçə dəqiqədən təxminən 4 saat yarımadək davam edə bilir.
Kiyev sakinləri vəziyyətə uyğunlaşmaqda çətinlik çəkir. Həyəcan siqnalları şagirdləri sinif otaqlarını, işçiləri isə ofisləri tərk etməyə məcbur edir. Yerüstü qatarların hərəkətinin dayandırılması sərnişinlərin evə çatmasını da çətinləşdirir.
Vəziyyət hökuməti təhlükənin miqyasından asılı olaraq insanların işləməsinə, səyahət etməsinə və təhsil almasına imkan verən yeni iki səviyyəli xəbərdarlıq sistemi hazırlamağa sövq edib.
Həftə sonu ABŞ nümayəndələrinin müharibəyə son qoyulması ilə bağlı danışıqlar aparmaq üçün Kiyevdə olduğu müddətdə şəhərə hücumlarda qısa fasilə yaranıb.