Parisdəki Eyfel qülləsi işçilərin tətilə çıxması səbəbindən bazar ertəsi ziyarətçilər üçün bağlanıb.
Postxronika.az BBC-yə istinadən xəbər verir ki, tətilə şənbə günü hindu dini qrupunun ziyarəti zamanı qadın işçilərin iş yerlərindən uzaqlaşdırılması səbəb olub.
Həmkarlar ittifaqının nümayəndəsi Dayan Davoin bildirib ki, BAPS qrupuna bağlı təxminən 100 nəfərlik heyətin ziyarəti zamanı kişiləri həmin yerlərdə yerləşdirmək üçün qadın işçilərdən mövqelərini dəyişmələri istənilib.
Eyfel qülləsini idarə edən SETE şirkəti də ziyarətin qadınlarla təmasların məhdudlaşdırılması şərti ilə təşkil olunmasının xahiş edildiyini təsdiqləyib. Şirkət bu şərtlərin qəbul edilməməli olduğunu bildirib.
Davoinin sözlərinə görə, rəhbərlik hadisəyə görə işçilərdən üzr istəyib. O, həftəsonu gərginliyin artmasından sonra işçilərin rəhbərliklə dialoqa başlamaq və qadınlara belə münasibətin bir daha təkrarlanmamasını təmin etmək üçün tətil qərarı verdiklərini qeyd edib.