ABŞ Mərkəzi Komandanlığı (Centcom) İranın Amerika hərbi gəmisinə iki dəfə hücum etməsinə cavab olaraq, İranın beş tankerinin vurulduğunu və onlardan birinin batırıldığını açıqlayıb.
Postxronika.az BBC-yə istinadən xəbər verir ki, Centcom hədəf alınan tankerlərdən dördünün Oman körfəzində İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli olduğunu bildirib. Digər tanker isə İranın əsas neft terminalı olan Xarq adası yaxınlığında vurulub.
Son bir həftədə ABŞ və İsrail ilə İran arasında qarşılıqlı zərbələr intensivləşib. Bunun fonunda Asiya bazarlarında neftin qiyməti yüksəlib. “Brent” markalı neftin qiyməti 1,5 faiz artaraq 99,35 dollara, ABŞ neftinin qiyməti isə 1,3 faiz artaraq 94,23 dollara çatıb.
İordaniya Silahlı Qüvvələri İran tərəfindən atılan 20 raketdən 18-nin vurulduğunu, ikisinin isə yaşayış olmayan ərazilərə düşdüyünü açıqlayıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusu isə iki ABŞ gəmisinə, səkkiz neft tankerinə və Hörmüz boğazından keçməyə cəhd edən 10 gəmiyə hücum etdiyini bildirib.
Centcom daha əvvəl İranın ABŞ hərbi gəmisini ballistik raketlərlə hədəf aldığını və raketlərdən yayınıldığını açıqlamışdı. Qurum hücumlar zamanı ABŞ hərbçiləri arasında xəsarət alan olmadığını bildirib.
Rəşad Hüseynov