Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın pilotsuz uçuş aparatının (PUA) Kiyevdə “We Are Ukraine” telekanalının qərargahına zərbə endirdiyini və nəticədə azı beş nəfərin xəsarət aldığını bildirib.

Postxronika.az xəbər verir ki, Zelenski hücumu Rusiyanın “mənəvi və siyasi tənəzzülündə yeni bir səhifə” adlandırıb. Onun paylaşdığı fotolarda binanın qismən dağıldığı görünür.

Rusiya tərəfindən Kiyevə gecə və gündüz endirilən zərbələr nəticəsində azı beş nəfərin öldüyü bildirilib. Ukraynanın cənubunda sərnişin qatarına edilən ayrı hücumda isə bir qadın əməkdaş həlak olub.

“We Are Ukraine” telekanalı PUA-nın xəbərlər otağına zərbə endirdiyi anı əks etdirən görüntülər yayıb. Kanal hücumun jurnalistləri hədəf aldığını bildirib.

Zelenski Avropa, ABŞ və digər müttəfiqləri Rusiyanın dayandırılması üçün birgə fəaliyyətə çağırıb.

Rəşad Hüseynov