Onilliklər ərzində müxtəlif dövlət rəhbərləri hökumətin əsas öhdəliyinin öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək olduğunu bildiriblər. Lakin 2001-ci il sentyabrın 11-də ABŞ rəsmi kəşfiyyat məlumatlarının mövcudluğuna baxmayaraq, bu vəzifənin öhdəsindən gələ bilmədi.
Postxronika.az BBC-yə istinadən xəbər verir ki, "Əl-Qaidə" tərəfindən həyata keçirilən və 2977 nəfərin həyatına son qoyan "9/11" hücumları cari əsrin ilk iki onilliyində qlobal təhlükəsizlik və kəşfiyyat siyasətini köklü şəkildə dəyişdi. Əslində, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) faciədən illər əvvəl bu terror şəbəkəsi və onun rəhbəri Üsamə bin Laden barədə kifayət qədər məlumata sahib idi. Hətta qurum daxilində onun zərərsizləşdirilməsi istiqamətində xüsusi işçi qrupu da fəaliyyət göstərirdi. Təəssüf ki, əldə olunan kritik siqnallar vaxtında düzgün analiz edilmədi və vahid mənzərədə birləşdirilə bilmədi. ABŞ-ın sabiq prezidenti Corc Buş faciədən doqquz gün sonra "Terrorla müharibə" elan edərək yeni mübarizə mərhələsinin əsasını qoydu.
Ötən rüb əsr ərzində Atlantik okeanının hər iki sahilində bir çox sui-qəsdlərin qarşısı alınsa da, ümumi mənzərə mürəkkəb olaraq qalır. Həyata keçirilən əməliyyatlar nəticəsində çoxlu sayda şübhəli şəxs həbs edilərək məhkəmə məsuliyyətinə cəlb olundu. Lakin baş verən faciə kəşfiyyat sistemindəki struktur boşluqlarını və informasiya mübadiləsindəki ləngimələri çılpaqlığı ilə üzə çıxardı. Bu qanlı hadisədən keçən dövr ərzində strateji planlaşdırma və terrorla mübarizə mexanizmlərinin effektivliyi hələ də kəşfiyyat ekspertləri tərəfindən geniş təhlil olunur.
Rəşad Hüseynov