Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərində yerləşən ticarət mərkəzinə Rusiya PUA-sının endirdiyi zərbə nəticəsində 5 nəfər həyatını itirib, 67 dinc sakin isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hücumun gündüz saatlarında, küçələrin insanlarla dolu olduğu vaxtda reallaşdırıldığını vurğulayan daxili işlər naziri İvan Vıhivski mağazalara və nəqliyyat vasitələrinə ciddi ziyan dəydiyini diqqətə çatdırıb.
"Postxronika.az" BBC- yə istinadən xəbər verir ki, cari həftənin əvvəlində Zaporojye və Sumı şəhərlərindəki oxşar obyektlər də analoji hava zərbələrinə məruz qalıb. Öz növbəsində Rusiya tərəfi Soçiyə Ukrayna dəniz dronunun hücumu səbəbindən 28 nəfərin yaralandığını, başqa hücumlar nəticəsində isə 3 nəfərin öldüyünü iddia edib.
Digər tərəfdən, ABŞ Prezidenti Donald Trampın nümayəndələrinin Moskva və Kiyevdə keçirdikləri danışıqlar çərçivəsində irəli sürdükləri yeni sülh təşəbbüsləri hələ ki, əhəmiyyətli nəticə verməyib. Ərazidən yayılan kadrlarda isə xilasedicilərin Pavloqrad küçələrində yanan avtomobilləri söndürməyə çalışdıqları əks olunub.
Rəşad Hüseynov