Beynəlxalq Valyuta Fondunun (BVF) sözçüsü Culi Kozak ABŞ Prezidenti Donald Tramp ilə Çin Prezidenti Si Tszinpin arasında bu ayın sonunda Vaşinqtonda keçirilməsi planlaşdırılan danışıqları şərh edib.

Postxronika.az TASS-a istinadən xəbər verir ki, qurumun rəsmisi iki ən böyük iqtisadiyyatın liderlərinin üz-üzə görüşməsini, qarşılıqlı əlaqədə olmasını və mövcud gərginliyin həlli yollarını müzakirə etməsini çox müsbət qarşıladıqlarını bildirib.

Kozak qeyd edib ki, Vaşinqton və Pekinin aralarındakı fikir ayrılıqlarını aradan qaldırmaq yollarını tapması həm hər iki dövlət, həm də ümumilikdə qlobal iqtisadiyyat üçün böyük fayda verir.

Xatırladaq ki, ABŞ rəhbərliyi bu payızda, xüsusilə sentyabrın 24-də Çin liderinin ölkəsinə cavab səfəri edəcəyini gözlədiyini açıqlayıb.

Daha əvvəl Çinin xarici işlər naziri Van İ iki ölkə arasındakı münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə əsaslanmalı olduğunu vurğulamışdı.

Mələksima Əhmədova