"Chevron" şirkətinin baş direktoru Mayk Virt münaqişənin ilk mərhələsində xam neftin kəskin bahalaşmasının qarşısını alan ehtiyatların tükəndiyini bildirib. O, yaxın aylarda enerji daşıyıcılarının qiymətinin daha da yüksələ biləcəyini diqqətə çatdırıb.
"Postxronika.az" Reuters-ə istinadən xəbər verir ki, hərbi əməliyyatlar başlayandan bəri dəniz tankenlərində saxlanılan neftin bazara çıxarılması ilə formalaşan strateji ehtiyatlar artıq tamamilə istifadə olunub. Şirkət rəhbəri mövcud şəraitdə qiymətlərin tezliklə ucuzlaşacağını təsəvvür etməyin çətin olduğunu vurğulayıb.
Bununla yanaşı, Ukraynanın Rusiya neft emalı zavodlarına zərbələri təchizatı məhdudlaşdıraraq ABŞ-da dizel yanacağının bir qallonunu rekord göstəriciyə — 6 dollara çatdırıb. Eyni zamanda "Brent" markalı xam neftin fyuçersləri də həftəlik 8 faizə çatan sürətli artım tempini qoruyub saxlayır.
Bazar analitikləri xammal tədarükündə yaşanan bu qıtlığın payız-qış mövsümündə qlobal inflyasiyanı daha da sürətləndirəcəyini proqnozlaşdırırlar. İstehsal həcminin gözlənilən səviyyədə artmaması və loqistika zəncirindəki axsamalar xüsusilə Avropa ölkələrində enerji böhranını dərinləşdirir. Ekspertlərin fikrincə, alternativ təchizat marşrutları tam formalaşmayana qədər yanacaq bazarında sabitliyin bərpa olunması mümkün görünmür. Valyuta və əmtəə birjalarında baş verən bu dəyişikliklər həm də beynəlxalq nəqliyyat daşımalarının maya dəyərini birbaşa artırır.
Rəşad Hüseynov