Kanadanın Baş naziri Mark Karni ABŞ ilə ticarət müharibəsi fonunda ölkə iqtisadiyyatını inkişaf etdirmək üçün 160-dan çox layihəyə xarici kapital cəlb etmək məqsədilə Torontoda qlobal investorlarla sammitə başlayır. "Goldman Sachs" və mərkəzi bankın keçmiş rəhbərinin şəxsi nüfuzu sayəsində keçirilən iki günlük tədbirə "BlackRock" və "Blackstone" kimi nəhəng şirkətlərin icraçı direktorları qatılıb.

"Postxronika.az" Reuters-ə istinadən xəbər verir ki,  Karni bürokratik maneələri aradan qaldırmaqla enerji, texnologiya, mədənçıxarma və infrastruktur sahələrinə növbəti beş ildə 1 trilyon Kanada dolları investisiya gətirməyi hədəfləyir. Təqdim olunan layihələr arasında kvant kompüterləri, süni intellekt yönümlü data mərkəzləri və az karbonlu nikel hasilatı kimi strateji təşəbbüslər yer alır.

Eyni zamanda, ABŞ-ın tətbiq etdiyi gömrük rüsumlarının təsirini azaltmaq üçün Ottava rəhbərliyi Yaxın Şərq, Asiya və Avropa bazarları ilə tərəfdaşlıq əlaqələrini şaxələndirməyə çalışır. Analitiklər bildirirlər ki, təqdim olunan layihələrin tam reallaşması və iri sövdələşmələrin bağlanması 12-18 ay çəkə bilər. Buna baxmayaraq, xarici kapital axını Kanadanın uzunmüddətli iqtisadi sabitliyinin təmin olunmasında həyati rol oynayacaq. Yeni investisiya portfeli ölkənin qlobal texnologiya və "yaşıl enerji" xəritəsindəki mövqeyini daha da möhkəmləndirəcək.

Rəşad Hüseynov