ABŞ Prezidenti Donald Tramp süni intellektin inkişafını yavaşlatmaq çağırışlarına kəskin reaksiya verərək, texnologiyanın bəşəriyyəti məhv edəcəyi ilə bağlı iddiaları "fırıldaq" adlandırıb. Dövlət başçısı sosial mediada etdiyi paylaşımda bu sahədə yeganə lazımi nəzarətin yalnız güclü və ağıllı prezident ola biləcəyini vurğulayıb.
"Postxronika.az" BBC-yə istinadən xəbər verir ki, Trampın bu yanaşması Konqresdəki Demokratlar və təhlükəsizlik xəbərdarlığı edən sənaye rəhbərləri tərəfindən narazılıqla qarşılanıb. Respublikaçıların hər iki palatada çoxluq təşkil etməsi və ağ evin kəskin mövqeyi fonunda yeni tənzimləyici qanunvericiliyin qəbulu ehtimalı minimuma enib. Nümayəndələr Palatasında Demokratların azlıq lideri Hakim Ceffris təhlükəsizlik tədbirləri təsdiqlənmədən parlament tətilinin təxirə salınmasını tələb etsə də, yekun qərar spiker Mayk Consondan asılı olacaq.
Eyni zamanda, bu siyasi fikir ayrılıqları ABŞ-da texnoloji nəhənglərin fəaliyyətinə dövlət nəzarətinin tətbiqini qeyri-müəyyən müddətə ləngidir. Beynəlxalq analitiklər xəbərdarlıq edirlər ki, qanunvericilik çərçivəsinin olmaması rəqəmsal mühitdə təhlükəsizlik risklərini daha da artıracaq. Mütəxəssislər xüsusilə kiberhücumlar və avtonom sistemlərin yaratdığı təhdidlərə karşı vahid standartların vacibliyini qeyd edirlər. Demokrat qanunvericilər isə noyabrda keçiriləcək ara seçkilərə qədər məsələni gündəmdə saxlamaq üçün təzyiqlərini sürətləndirirlər. Şirkətlər daxilində daxili nəzarət mexanizmlərinin saxlanılması isə hələlik yeganə müdafiə xətti olaraq qalır.
Rəşad Hüseynov