Birləşmiş Ştatlar Yer orbitində hücum imkanlarına malik hərbi texnologiya yerləşdirdiyini rəsmən etiraf edərək kosmik müdafiə sahəsində yeni mərhələnin başladığını bəyan edib. ABŞ Hərbi Hava Qüvvələrinin katibi Troy Meink keçirilən konfransda bu addımın dəyişən təhlükələrə qarşı milli aktivləri qorumaq məqsədi daşıdığını bildirsə də, texnologiyanın detallarını açıqlamayıb.
"Postxronika.az" BBC-yə istinadən xəbər verir ki, Vaşinqton administrasiyası kosmik bazalı bu vasitələri Rusiya və Çinin peyk əleyhinə sistemlərinə cavab kimi "Qızıl Günbəz" müdafiə şəbəkəsinin mühüm tərkib hissəsi hesab edir. Kosmik Qüvvələrin nümayəndələri zərurət yarandıqda düşmən obyektlərini sıradan çıxarmaq üçün kinetik və qeyri-kinetik üsullardan istifadə olunacağını vurğulayıblar.
Eyni zamanda, beynəlxalq təhlükəsizlik ekspertləri bu addımın orbitin hərbiləşdirilməsi riskini artırdığını və 1967-ci il kosmos müqaviləsinin ruhuna kölgə saldığını qeyd edirlər. Moskva və Pekinin analoji addımlarla cavab verməsi kosmik fəzada silahlanma yarışını daha da kəskinləşdirə bilər. Avropa peyklərinə qarşı rəqəmsal müdaxilələrin artdığı bir şəraitdə Vaşinqtonun bu güc nümayişi qlobal təhlükəsizlik balansını kökündən dəyişdirir. Kosmik məkanın döyüş meydanına çevrilməsi isə rabitə və naviqasiya kimi mülki infrastruktur üçün də ciddi təhdid yaradır.
Rəşad Hüseynov