ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) kömür və qaz elektrik stansiyalarından emissiyaların məhdudlaşdırılmasına dair qaydaların ləğv edildiyini bəyan edib. Qurum gələcək administrasiyaların stansiya tullantılarını yenidən tənzimləməsinin qarşısını almaq üçün addımlar atacağını, sabiq prezident Co Bayden dövründən qalan iqlim tələblərinin ləğvinin isə 310 milyard dollar qənaət sağlayaraq enerji qiymətlərini endirəcəyini bildirib.
"Postxronika.az" BBC-yə istinadən xəbər verir ki, EPA rəhbəri Li Zeldin keçmiş normativlərin sənaye imkanlarını aşdığını vurğulayaraq, yeni yanaşmanın etibarlı enerji təchizatını təmin edəcəyini və istehsal xərclərini azaldacağını qeyd edib. Ətraf mühit müdafiəçiləri isə bu addımın xalqın sağlamlığına və planetə ağır zərbə vuracağını bildirərək qərardan məhkəməyə şikayət edəcəklərini bəyan ediblər.
Eyni zamanda, beynəlxalq ekoloji təşkilatlar Birləşmiş Ştatların bu qərarının qlobal istiləşmə ilə mübarizəyə ciddi mənfi təsir göstərəcəyindən narahatlıq ifadə edirlər. Qazıntı yanacaqlarından istifadənin stimullaşdırılması karbon emissiyalarının kəskin artması riskini formalaşdırır. Yaşıl enerji sektoruna yatırılan investisiyaların ləngiməsi isə alternativ mənbələrə keçid prosesini çətinləşdirir. Mütəxəssislər hesab edirlər ki, qanunvericilik çərçivəsində yaranan bu dəyişiklik yaxın illərdə enerji bazarında və ekoloji məhkəmə çəkişmələrində dərin izlər buraxacaq.
Rəşad Hüseynov