Türkiyə hüquq-mühafizə orqanları LGBTQ+ fəallarına və icmanın toplaşdığı məkanlara qarşı həyata keçirilən kütləvi reydlər çərçivəsində onlarla şəxsi saxlayıb. İstanbulun əsas məhkəmə binası qarşısında toplanaraq həftəsonu evlərə və gey-barlara edilən basqınlar zamanı tutulanların azad olunmasını tələb edən nümayişçilər də polislə toqquşmadan sonra həbs ediliblər.
"Postxronika.az" BBC-yə istinadən xəbər verir ki, əməliyyatlar hökumətin "Ailəm təhlükəsizdir" adı altında ailə dəyərlərinin qorunması məqsədilə başlatdığı yeni kampaniya çərçivəsində rəsmi idarələrin koordinasiyası ilə 15 əyalətdə aparılır. Təhlükəsizlik qüvvələri 162 nəfərə, doqquz assosiasiyaya və 13 biznes subyektinə qarşı tədbirlər görüb, həmçinin onlarla hüquq müdafiə təşkilatının internet resurslarını bloklayıb.
Eyni zamanda, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Maykl O'Flaerti daxil olan xəbərlərdən dərin narahatlığını ifadə edərək vətəndaş cəmiyyəti nümayəndələrinin hədəf alınmasını tənqid edib. Ölkədə eynicinsli münasibətlər qanunla qadağan olunmasa da, rəsmi Ankaranın kəskin mövqeyi fonunda məhdudiyyətlərin daha da sərtləşdiriləcəyi gözlənilir. Beynəlxalq hüquq müdafiəçiləri isə baş verənləri ifadə və toplaşma azadlığının pozulması kimi qiymətləndirirlər.
Rəşad Hüseynov