Müharibənin beşinci ilində hərbi xərclərin kəskin artması fonunda Ukrayna hökuməti 2027-ci il üçün müdafiə xərclərini cari illə müqayisədə 12 faiz artıraraq rekord səviyyəyə – 4,89 trilyon qrivnaya (110 milyard dollar) çatdırmağı nəzərdə tutur. Bu məbləğ parlamentə təqdim olunan 7,27 trilyon qrivnalıq ümumi dövlət büdcə layihəsinin təxminən üçdə ikisini təşkil edir.

"Postxronika.az" Reuters-ə istinadən xəbər verir ki, gündəlik hərbi xərclərin 190 milyon dollara yüksəldiyini bildirən rəsmilər dövlət gəlirlərinin bu templə ayaqlaşamadığını vurğulayırlar. Maliyyə Nazirliyi büdcə kəsirini bağlamaq üçün gələn il 52 milyard dollardan çox beynəlxalq yardıma ehtiyac olduğunu və Avropada dondurulmuş Rusiya aktivlərinin əsas maliyyə mənbəyinə çevrilə biləcəyini bəyan edib.

Qanunverici orqanın nümayəndələri layihəyə təkliflərini oktyabrın 1-dək təqdim etməli, yekun xərclər planı isə dekabrın 1-dək üç oxunuşda təsdiqlənməlidir. Kiyev rəhbərliyi hazırda beynəlxalq tərəfdaşlarla çatışmayan maliyyə resurslarının təmin edilməsi istiqamətində danışıqları davam etdirir.

Rəşad Hüseynov