Rusiyada hakimiyyət sisteminin tamamilə Kremlin nəzarətində olduğu "idarə olunan demokratiya" şəraitində parlamentin aşağı palatası olan Dumaya 450 deputatın seçilməsi üçün səsvermə keçirilir. Siyasi sürprizlərin yaşanmadığı və tənqidçilər tərəfindən nə azad, nə də ədalətli hesab edilən bu seçkilərin nəticəsində Vladimir Putinə sarsılmaz sədaqət nümayiş etdirən hakim "Vahid Rusiya" partiyasının yenidən parlamentdə üstünlüyü ələ keçirəcəyi gözlənilir.

"Postxronika.az" BBC-yə istinadən xəbər verir ki, Ukraynaya genişmiqyaslı hərbi müdaxilənin başlamasından dörd il yarım sonra təşkil olunan bu ilk parlament seçkisindən Rusiya rəhbərliyi həm cəmiyyətin prezidentə və müharibəyə dəstəyini göstərmək, həm də cəbhədən qayıdan iki yüzə yaxın hərbçi veteranın siyasi karyerasını irəli çəkmək üçün istifadə edir. Kremlin sözçüsü Dmitri Peskov ölkənin özünəməxsus siyasi sistemə və prosesə malik olduğunu vurğulasa də, bu seçki kampaniyası müharibə şəraitində Rusiya cəmiyyətinin mövcud mənzərəsini və vəziyyətini aydın şəkildə üzə çıxarır.

Prosesin tamamilə gözlənilən ssenari üzrə getməsi iddia olunsa da, dövlət televiziyasında namizədlərin təşviqat çıxışları zamanı 158 saylı seçki dairəsindən olan altı namizədin heç birinin studiyaya gəlməməsi və aparıcının altı boş kürsü önündə yayımı dərhal bitirmək məcburiyyətində qalması gözlənilməz sürpriz kimi diqqət çəkib.

Rəşad Hüseynov