Birləşmiş Ştatlar və Danimarka aylarla davam edən diplomatik mübahisəyə yekun vuraraq Qrenlandiyanın təhlükəsizliyinə dair razılaşma əldə etdiklərini bəyan ediblər. Prezident Donald Tramp "Truth Social" hesabında tərəflər arasında bağlanan sazişin Vaşinqtona adanın müdafiəsi və təhlükəsizliyi üzərində daimi nəzarət imkanı verdiyini, həmçinin rəqib dövlətlərin bölgədə hərbi varlığına və strateji investisiyalarına qadağa qoyduğunu bildirib.
"Postxronika.az" BBC-yə istinadən xəbər verir ki, Danimarkanın Baş naziri Mette Frederiksen sənədin gələn həftə BMT Baş Assambleyasında imzalanacağını və Arktika regionunda ortaq təhlükəsizliyi gücləndirəcəyini təsdiqləyib. Hökumət rəhbəri bu addımın Danimarka Krallığının suverenliyini və yerli əhalinin öz müqəddəratını təyinetmə hüququnu qoruduğunu vurğulasa da, razılaşmanın parlament təsdiqindən keçməli olduğunu əlavə edib.
Qrenlandiya hökumətinin sədri Yens-Frederik Nilsen bu anlaşmanı bütün tərəflərin maraqlarına xidmət edən müsbət addım kimi dəyərləndirib. D.Trampın faydalı qazıntılarla zəngin adanı güc yolu ilə ilhaq etmək hədələrindən sonra əldə edilən sazişi ABŞ Dövlət Katibi Marko Rubio ölkəsinin milli təhlükəsizlik narahatlıqlarını tam aradan qaldıran "tarixi qələbə" adlandırıb.
Rəşad Hüseynov