Almaniya kansleri Fridrix Merz ölkə tarixində rəy sorğuları keçirilməyə başlanandan bəri bir hökumət rəhbəri üçün qeydə alınan ən aşağı – cəmi 13 faizlik populyarlıq reytinqi ilə postunu itirmək riskilə qarşılaşarkən, bu siyasi böhran bütün Avropa miqyasında sabitliyi pozan ciddi amilə çevrilib. Sələflərindən fərqli olaraq seçicilərin rəğbətini sürətlə itirən keçmiş korporativ hüquqşünas Merz təkəbbürlü və ictimaiyyətin real problemlərindən uzaq bir xadim kimi qəbul olunur.

"Postxronika.az" BBC-yə istinadən xəbər verir ki, cəmi 16 aydır hakimiyyətdə olan kanslerin rəhbərlik etdiyi mühafizəkar Xristian Demokratik İttifaqı (CDU) partiyası son regional seçkilərdə ard-arda ağır məğlubiyyətlərə uğrayıb, hətta Meklenburq-Örpommern əyalətində parlamentə düşmək üçün tələb olunan 5 faizlik baryeri belə aşa bilməyib. Əksinə, Merzin dəstəyini azaldacağını vəd etdiyi millətçi "Almaniya üçün Alternativ" (AfD) partiyası rekord nəticələr göstərərək son üç əyalət seçkisindən ikisində birinci siyasi qüvvəyə çevrilib və Saksoniya-Anhaltda hakimiyyəti ələ keçirmək imkanı qazanıb.

AfD-nin həmsədri Alis Vaydel partiyasının artıq ölkənin əsas xalq partiyası statusunu aldığını bildirərək Merzi durğunluq keçirən Almaniya iqtisadiyyatını canlandırmamaqda, miqrasiya və təhlükəsizlik problemlərini həll edə bilməməkdə kəskin ittiham edib. CDU daxilində kanslerin daha populyar bir siyasətçi ilə əvəzlənməsi ehtimalı dolaşdığı bir vaxtda, bu siyasi sarsıntı Avropanın ən böyük iqtisadiyyatının gələcəyini böyük sual altında qoyur.

Rəşad Hüseynov