Daxili işlər orqanlarının əməkdaşları tərəfindən ölkə ərazisində ictimai asayişin qorunması, cinayətkarlıqla mübarizə və itkin düşmüş şəxslərin tapılması istiqamətində növbəti uğurlu əməliyyat-profilaktik tədbirlər həyata keçirilib.

Postxronika.az xəbər verir ki, fevralın 2-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin, keçirilən əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 18 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Bundan başqa, polis əməkdaşlarının keçirdikləri əməliyyatlar nəticəsində ümumi çəkisi 11,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində də tədbirlər davam etdirilir. Belə ki, fevralın 2-də paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı, 1 pulemyot, 2 tapança, 8 qumbara, 2 alışdırıcı, 16 tüfəng, 6 patron darağı, 1337 ədəd müxtəlif çaplı patron, 7 mərmi və 2 süngü-bıçaq aşkar edilərək götürülüb.