Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi bank və kredit təşkilatlarının saxta səhifələrini yaradaraq vətəndaşları qarət edən haker şəbəkəsini ifşa edib.
Postxronika.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, əməliyyat nəticəsində 500-ə yaxın şəxsin bank məlumatlarını ələ keçirən 23 yaşlı Kənan Qasımov və 30 yaşlı İmam İşməmmədov saxlanılıblar.
Araşdırmalar zamanı məlum olub ki, dəstə üzvləri sosial şəbəkələrdə aşağı faizli kredit vədləri ilə saxta (fişinq) elanlar yerləşdiriblər. Bu elanlara inanan vətəndaşların kart məlumatlarını, CVV və OTP kodlarını ələ keçirən şəxslər onların hesablarından ümumilikdə 400.000 manata yaxın vəsait talayıblar. Şübhəli şəxslər izi itirmək üçün pulları onlayn kazino və müxtəlif hesablara köçürərək nağdlaşdırıblar.
Faktla bağlı cinayət işi başlanılıb və hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. DİN vətəndaşları şübhəli linklərə daxil olmamağa və kart məlumatlarını kimsəyə ötürməməyə çağırıb.