İspaniya hökuməti ölkədə texnologiyaya qarşı artan sərt münasibət və milyarder İlon Maskla yaşanan gərginlik fonunda yeniyetmələrin internet platformalarından istifadəsini məhdudlaşdırmağı planlaşdırır.
Postxronika.az xəbər verir ki, Baş nazir Pedro Sançez uşaqları "rəqəmsal vəhşi qərb"dən qorumaq məqsədilə 16 yaşdan kiçiklərə sosial şəbəkə qadağasının tətbiq ediləcəyini və zərərli məzmun yayan şirkətlərin cəzalandırılacağını bəyan edib.
Tərəflər arasındakı qarşıdurma Sançezin miqrasiya qərarına Maskın "X" platformasında təhqiramiz reaksiya verməsi və İspaniya liderini "tiran" adlandırması ilə daha da kəskinləşib.
Hökumət rəsmiləri sosial medianı qanunsuzluq hökm sürən "uğursuz dövlət"ə bənzədərək, rəsmi Madridin bu mübarizədə tək olmadığını və digər Avropa ölkələri ilə birgə "rəqəmsal koalisiya" yaradacağını bildiriblər.
Parlamentdə müzakirə olunan yeni qanun layihəsinə əsasən, tətbiq ediləcək bu məhdudiyyət yetkinlik yaşına çatmayanların rəqəmsal təhlükəsizliyini təmin etmək hədəfi daşıyır.
Qeyd edək ki, Avstraliyanın ardınca Yunanıstan, Fransa və Böyük Britaniya kimi dövlətlər də uşaqların internet asılılığına qarşı oxşar sərt tədbirlər görməyə hazırlaşır.