Sumqayıt şəhərində fərdi yaşayış evindən oğurluq edən şəxslər polis əməkdaşları tərəfindən ifşa olunub. Hadisə yanvarın 24-də gecə saatlarında qeydə alınıb.

Postxronika.az xəbər verir ki, zərərçəkənin müraciəti əsasında Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Məlum olub ki, naməlum şəxslər qapısı açıq qalmış həyətə daxil olaraq ev sahibinə məxsus 2000 manat dəyərində məişət əşyalarını oğurlayıblar. Keçirilən tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 23 yaşlı qadın və 35 yaşlı Vaqif Şəfiyev saxlanılıblar.

İlkin araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslər bir müddət əvvəl həmin evi kənardan müşahidə ediblər. Onlar evdə gediş-gəlişin olmamasından istifadə edərək məişət əşyalarını talayıb, daha sonra metal qəbulu məntəqələrinə satıblar.

Faktla bağlı araşdırma aparılır.


Hüseyn Rəşadoğlu