Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında elm və təhsil sahəsində əlaqələrin inkişaf etdirilməsi məqsədilə yeni Anlaşma Memorandumu imzalanıb.
Postxronika.az xəbər verir ki, sənəd elm və təhsil nazirinin müavini Həsən Həsənlinin İsrail Dövlətinə səfəri çərçivəsində imzalanıb. Belə ki, Həsən Həsənli və İsrailin innovasiya, elm və texnologiya naziri Gila Gamliel "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə İsrail Dövlətinin İnnovasiya, Elm və Texnologiya Nazirliyi arasında elmi əməkdaşlıq proqramına dair Anlaşma Memorandumu"nu təsdiq ediblər.
Sözügedən memorandum iki ölkənin ali təhsil və elmi müəssisələri arasında əməkdaşlığın yeni müstəviyə çıxarılmasını hədəfləyir. Sənədə əsasən, tərəflər birgə elmi-tədqiqat yönümlü layihələrin icrası və maliyyələşdirilməsi, doktorantların, alimlərin və müəllim heyətinin qarşılıqlı mübadiləsi, həmçinin birgə tədbirlərin təşkili kimi sahələrdə fəaliyyət göstərəcəklər.